Logistika ixtisası üzrə məzunlar həm dövlət diplomu, həm də beynəlxalq sertifikatla təltif olunublar
01
10 2025
news image

30 sentyabr 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Educa Azərbaycan” şirkəti ilə əməkdaşlığı çərçivəsində 2024/2025-ci tədris ilində icra olunan beynəlxalq layihə əsaslı təhsil proqramı üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Logistika operatoru” ixtisasını başa vuran tələbələrə beynəlxalq sertifikatlar təqdim olunub.

Lahiyə çərçivəsində tədris resursları Azərbaycan dilinə tərcümə edilərək tələbələrə təqdim olunub. Onlar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazanaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika müəssisələrində istehsalat təcrübəsi keçiblər.

Tədris planına inteqrasiya olunan “Logistikaya giriş”, “Yükdaşıma əməliyyatlarına giriş”, “Anbar idarəçiliyi” və “Müştəri xidmətləri və marketinqə giriş” modullarını uğurla tamamlayan tələbələr hər modul üzrə “Educa Azərbaycan” şirkətinin sertifikatlarını əldə ediblər. Bununla yanaşı məzunlar dövlət diplomu və dünyanın 40-dan çox ölkəsində tanınan CILT – The Chartered Institute of Logistics and Transport beynəlxalq sertifikatları ilə təltif olunublar.

Bu uğur, Azərbaycanın peşə təhsili sistemində beynəlxalq standartlara uyğun inkişafın və əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasının uğurlu nəticələrindən biridir. Artıq məzunlarımız həm yerli, həm də beynəlxalq əmək bazarında rəqabətədavamlı və peşəkar logistika mütəxəssisləri kimi fəaliyyət göstərə biləcəklər.

 Qeyd edəki ki, peşə təhsilində innovativ yanaşmaların tətbiqi və beynəlxalq rəqabətə əsaslanan tədrisin təşkili ölkəmizin prioritet istiqamətlərindəndir.