Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərlə görüş keçirilib
25
08 2025
news image

22 avqust 2025-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil edilən qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərlə görüş keçirilib.

   Tədbir çərçivəsində arıçı, rəqəmsal media və marketinq mütəxəssisi ixtisasları üzrə təlimləri müvəffəqiyyətlə tamamlayan 23 nəfərə dövlət nümunəli sertifikat təqdim olunub. Bu sertifikatlar məzunlara müvafiq ixtisaslar üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Qeyd edək ki, sertifikat alan müdavimlər əsasən Şuşa, Laçın, Kəlbəcər və Ağdam rayonlarının sakinləridir.

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təşkil edilən qısamüddətli təlimlər üçün cari ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 40 nəfər məcburi köçkün kurslara cəlb olunub. 2024-cü ildə isə mərkəzdə 84 nəfər bu təlimlərdə iştirak edib. Ümumilikdə 124 nəfər məcburi köçkün müxtəlif peşələr üzrə yeni bilik və bacarıqlara yiyələnib.

   Qısamüddətli təlimlərin müddəti seçilmiş ixtisasdan asılı olaraq 1 aydan 3 ayadək davam edir. Təlimlərin əsas məqsədi proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların əmək bazarında rəqabət qabiliyyətini artırmaq, onların peşə vərdişlərini inkişaf etdirmək və davamlı məşğulluğunu təmin etməkdir.

   “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində qısamüddətli peşə təlimləri ölkənin 10 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə həyata keçirilir. Proqram üzrə 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə artıq 653 nəfər müxtəlif sahələr üzrə təlimlərə cəlb olunub. Təlimlərdə iştirak etmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçə bilirlər.

   Ölkədə dual təhsil sisteminin ilk tətbiq olunduğu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbir çərçivəsində “Açıq Qapı” günü də təşkil olunub.