Neftçala Peşə Məktəbində “50 il sizinlə” adlı “Açıq qapı” günü təşkil olunub
27
05 2025
news image

26 may 2025-ci il tarixində Neftçala Peşə Məktəbində “50 il sizinlə” adlı “Açıq qapı” günü təşkil olunub. Tədbirin əsas məqsədi mərkəzin 50 illik inkişaf yolu, fəaliyyət istiqamətləri, təlim-tərbiyə imkanları və tələbələrin əldə etdikləri praktiki bacarıqlar barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də gənclərdə peşə təhsilinə marağı artırmaq olub.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, Şirvan-Salyan Regional Təhsil İdarəsinin, işəgötürən təşkilatların nümayəndələri, digər peşə təhsili müəssisələrinin rəhbərləri, yerli ümumi təhsil müəssisələrinin pedaqoji heyət və şagirdləri, peşə təmayüllü siniflərin şagird və rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olublar. Müxtəlif ixtisas sahələri üzrə təşkil olunmuş sərgi guşələrində tələbələrin əl işləri, praktiki bacarıqları və texniki nümunələr nümayiş etdirilib. Bununla yanaşı, tələbələrin təşkil etdiyi satış-yarmarka zonasında qida və qeyri-qida məhsulları, geyim və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunub. Bu bölmə tələbələrin peşə bacarıqlarının real mühitdə tətbiqi və tanıdılması baxımından xüsusi maraq doğurub.

“Açıq qapı” günündə iştirakçılara 2025/2026-cı tədris ili üzrə qəbul aparılacaq ixtisaslar, peşə təhsili müəssisələrinə qəbul qaydaları, dual təhsil proqramı və yüksək texniki peşə təhsili və gələcək imkanları barədə geniş məlumat verilib.