
13–16 may 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 2025-də peşə təhsili müəssisələri uğurla təmsil olunublar.
Sərgidə Cəlilabad, Bərdə və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzləri öz stendləri ilə iştirak edərək kənd təsərrüfatı və iqtisadiyyatın digər istiqamətləri üzrə təhsil alan tələbələrin hazırladıqları əl işlərini, məhsul nümunələrini və innovativ həlləri nümayiş etdiriblər. Ziyarətçilərə təqdim olunan eksponatlar sərgi iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
31 ölkədən 450 şirkətin iştirak etdiyi sərgidə peşə təhsili müəssisələrinin iştirak etməkdə məqsədi iştirakçılara peşə təhsili haqqında məlumat vermək, kənd təsərrüfatı sahəsində peşə təhsilinin rolunu vurğulamaq, həmçinin peşə təhsilinin inkişafı istiqamətində yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndirmək olub.