
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sustainera Solutions-un birgə həyata keçirdiyi 2024/25-ci tədris ili üzrə Dual təhsil proqramının aralıq monitorinqi davam etdirilir.
Monitorinqin əsas məqsədi proqramın icra vəziyyətinin qiymətləndirilməsi, iştirakçıların rəylərinin toplanması və təkmilləşdirmə tədbirlərinin müəyyənləşdirilməsidir.
Qiymətləndirmələr həm onlayn sorğular, həm də fiziki görüşlər vasitəsilə aparılır. Prosesdə tələbələr, peşə təhsil müəssisələrinin əməkdaşları və işəgötürənlər iştirak edir. Monitorinq zamanı tədris proqramının məzmun və texniki icrası təhlil olunur, işəgötürənlərlə keçirilən fərdi görüşlərdə növbəti il üçün ehtiyac duyulan ixtisaslar müzakirə edilir.
Monitorinq səfərləri Zaqatala, Qax, Kürdəmir, Biləsuvar, Cəlilabad və Lənkəran kimi mərkəzlərdə müxtəlif ixtisaslar üzrə keçirilib. Bakı üzrə monitorinqlər isə davam edir.
Hazırda 25 Peşə Təhsil Mərkəzində 30 ixtisas üzrə 70 qrupda 1273 tələbə və 120 işəgötürən müəssisə proqramda iştirak edir. Dual təhsil sistemi tələbələrin nəzəri biliklərlə yanaşı, real iş şəraitində praktiki bacarıqlar qazanmasını təmin edir.