“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin qısamüddətli təlimlərə cəlb edilməsi məqsədilə təbliğat və təşviqat işləri davam etdirilir. Bu çərçivədə 18 mart 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobupark-2” yaşayış kompleksində xüsusi tədbir keçirilib.
Tədbirin əsas məqsədi burada məskunlaşmış 3300-dən çox məcburi köçkün ailəsinə qısamüddətli təlimlər çərçivəsində təqdim olunan ixtisaslar və bu ixtisasların yaratdığı karyera imkanları barədə məlumat vermək, həmçinin onların bu təlimlərə cəlb olunmasını təşviq etmək olub. Tədbirdə iştirak edən mütəxəssislər və peşə təhsili müəssisələrinin nümayəndələri ümumilikdə 42 ixtisas üzrə təşkil edilən qısamüddətli təlimlərə qeydiyyat prosesini, təlimlərin keçirilmə qaydalarını və tədris proqramından əldə olunacaq nəticələri ətraflı şəkildə təqdim ediblər. Təlimləri uğurla başa vuran məzunların dövlət nümunəli sertifikatlarla təmin ediləcəyi də vurğulanıb.
Bu təşəbbüs, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin peşə bacarıqlarını artıraraq onların davamlı məşğulluğunu təmin etməyə yönəlib. İndiyə qədər proqram çərçivəsində 530-dan çox məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib və qeydiyyat prosesi hazırda davam edir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də peşə təhsili və təlimi sahəsində fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak edib.