28 fevral tarixində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda Peşə Təhsili üzrə Dövlət Agentliyində tədbir keçirilib. Tədbirin əsas məqsədi əməkdaşların mülki müdafiə sahəsində bilik və bacarıqlarını artırmaq, fövqəladə hallar zamanı onların hazırlıq səviyyəsini yüksəltməkdən ibarət olub. Eyni zamanda, mülki müdafiə tədbirlərinin əhəmiyyətini vurğulamaq, fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarını təbliğ etmək və bu sahədə praktiki vərdişləri gücləndirmək tədbirin əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər heyəti və digər əməkdaşlar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Agentliyin mülki müdafiə qərargah rəisi Simnar Mamedov mülki müdafiənin əhəmiyyətində danışaraq, bu sahədə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Həmçinin fövqəladə halların idarə olunması, yanğın, zəlzələ və digər təhlükələr zamanı görülməli olan tədbirlər, ilkin tibbi yardım və təxliyə qaydaları barədə geniş məlumat verilib.