4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib
27
02 2025
news image

Fevralın 27-də “AzerGold” QSC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsili müəssisələrinin tələbləri üçün elan edilən 4-cü Təqaüd proqramının qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib.

Tədbirin açılışında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxış edib.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Təqaüd proqramlarının növbəti qaliblərini təbrik edərək, bu günədək ümumilikdə 38 nəfər ali təhsil və 37 nəfər peşə təhsili üzrə tələbənin proqram çərçivəsində qalibi olduğunu və QSC-də istehsalat təcrübəsinə cəlb edildiyini qeyd edib.

Təqaüd proqramlarının tələbələrin təhsil həyatında, onların bilik və bacarıqlarının artırılmasındakı rolunu vurğulayan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “AzerGold” QSC-nin timsalında dövlət və özəl sahibkarlıq subyektlərinin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində reallaşdırdığı bu cür təşəbbüslərin milli təhsilin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş məqsədlərə xidmət etdiyini vurğulayıb.

Nazir müavini proqramın qaliblərini təbrik edərək, tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar hazırlıqlı mütəxəssis kimi yetişmələri üçün onlara təqdim olunan bütün imkanlardan yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, Təqaüd proqramı 2021-ci ildən təsis edilib və 2024-2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsi tələbəsi təqaüdə layiq görülüb. Qaliblər tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar. Bununla yanaşı, peşə təhsili tələbələri “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə bu sahədə karyera imkanları əldə etmək şansı da qazanıblar.

“AzerGold” Təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə, həmçinin, “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bildirib ki, kitab Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “AzerGold” QSC-nin maliyyə dəstəyi ilə hazırlanıb. Qeyd edilib ki, dərslik türk dilindən Azərbaycan dilinə tərcümə edilib,  peşə təhsil müəssisələri üçün 200 tirajla çap edilib. Kitab Daşkəsən, Gədəbəy və Gəncə bölgələrində yerləşən peşə təhsili müəssisələrinə paylanıb və mədənçilik sahəsində ixtisaslaşan tələbələr üçün dəyərli bir tədris vəsaiti olacaq.