Peşə təhsili müəssisələrinin rəhbər heyəti üçün “Strateji planlaşdırma” mövzusunda təlimlər keçirilib
21
02 2025
news image

19-20 fevral 2025-ci il tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili müəssisələrinin inkişaf strategiyalarının gücləndirilməsi məqsədilə “Strateji inkişaf planları”nın hazırlanması mövzusunda təlimlər təşkil edilib. Təlimlərdə 21 peşə təhsili müəssisəsinin rəhbərləri, tədris və təlim işləri üzrə direktor müavinləri, eləcə də keyfiyyət təminatı üzrə mütəxəssislər iştirak ediblər.

Təlimlərin əsas məqsədi peşə təhsili müəssisələrinin rəhbər heyətinin strateji idarəetmə bacarıqlarını inkişaf etdirmək, onların uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etməsinə dəstək olmaq və dayanıqlı inkişaf üçün zəruri bilik və bacarıqlar qazandırmaq olub.

Təlim proqramı çərçivəsində iştirakçılar strateji planlaşdırmanın əsas komponentləri – missiya, vizyon, strateji hədəflər və göstəricilərin müəyyənləşdirilməsi, SWOT və PESTLE təhlili, fəaliyyət planlarının hazırlanması və icra mexanizmləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlimlər interaktiv formatda təşkil olunub, iştirakçılar real nümunələr əsasında qrup çalışmalarında iştirak edərək əldə etdikləri bilikləri praktik şəkildə tətbiq ediblər.