Fevralın 11-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili və təlimi: Tədrisdə innovativ yanaşmalar” adlı təlim-seminar keçirilib. Tədbir peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin artırılması, təhsilverənlərin peşəkar inkişafına dəstək olmaq və müasir tədris metodlarının effektiv tətbiqini təşviq etmək məqsədilə təşkil edilib.
Seminarda müxtəlif ixtisas sahələri üzrə fəaliyyət göstərən 50 təhsilverən iştirak edib. Təlim interaktiv metodlardan istifadə olunmaqla Təhsil və Araşdırma İnkişaf Mərkəzinin (TAİM) metodist-təlimçisi Xəzər Əkbərli tərəfindən aparılıb. Seminarda təhsilverənlər üçün formativ qiymətləndirmənin tədrisdə effektiv tətbiqi və əks-əlaqənin əsas xüsusiyyətləri, tələbələrə fərdi yanaşma üsulları, həmçinin sinfin idarəedilməsi sahəsində Rudolf Dreykursun “Sosial İntizam Modeli”nin pedaqoji prosesdə rolu və tətbiq imkanları mövzuları müzakirə olunub.
Həmçinin iştirakçılar tədris prosesində qarşılaşdıqları çətinliklər, həlli yolları və istifadə etdikləri innovativ metodları müzakirə ediblər. Təlimin sonunda seminarın praktik əhəmiyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, əldə etdikləri bacarıqları dərs prosesində tətbiq etməyə hazır olduqlarını da bildiriblər.