Yeni təhsil proqramlarının işəgötürənlərlə birlikdə dəyərləndirilməsi məqsədilə dəyirmi masalar təşkil edilib
05
02 2025
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələrinin, kurikulum hazırlayan mütəxəssislərin və müxtəlif sahələr üzrə işəgötürənlər, sənaye ekspertləri, mühəndis-pedaqoji heyətin də iştirakı ilə dəyirmi masalar təşkil edilib.

Belə ki, yanvarın 29-da "Qablaşdırma və etiketləmə maşınlarının operatoru", "Qazanxana maşinisti", "Satış və marketinq üzrə menecer" və "Tədbirlərin təşkili və idarəedilməsi" ixtisasları, yanvarın 31-də “Elektrik sayğac quraşdırıcısı”, “Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər”, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üzrə operator”, “Neft-qaz çıxarma operatoru”, “Avtomatik darvaza üzrə usta”, “Traktor və yol inşaat maşınlarının təmiri üzrə çilingər”, “Asfalt döşəyən maşın operatoru” ixtisasları, fevralın 4-də isə "Torna və frezer dəzgahı operatoru", "Sementləmə aqreqatının maşinisti" və "Yanacaq nasoslarının təmiri" ixtisasları üzrə müzakirələr aparılıb.

Tədbirdə 14 peşə ixtisası üzrə təhsil proqramlarının strukturu və məzmunu müzakirə olunub. İşəgötürənlər tərəfindən əmək bazarının tələblərinə uyğun hazırlanan təhsil proqramlarının praktik və effektiv olması üçün təkliflər də səsləndirilib.

Müzakirələrdə Dövlət Vergi Xidməti, SOCAR, Dövlət Ehtiyatları Agentliyi və AzGreen MMC kimi dövlət və özəl, “Azərkimya” İstehsalat birliyi, “Qaz emalı Zavodu”, “SOCAR” Nəqliyyat idarəsi, “SOCAR Karbamid” zavodu, “Azərİqaz” ASC, “Azərişıq” istehsalat birliyi, Kartaş Kimya, Azərtexnolayn MMC, Lavada Dessert, Araz Supermarket, Azersun Holding, Soliton, Sirab MMC, Metak MMC, Fab Omid, STP, BP Azərbaycan, Evrascon, AS Motors, Aras Qrup, AzGreen MMC kimi qurumların nümayəndələri iştirak edib.

Görüşün əsas məqsədi müvafiq ixtisasların kurikulumlarını təhlil edərək, müasir əmək bazarının tələblərinə uyğunlaşmalarını təmin etmək olub. Dəyirmi masaların nəticələrinə görə müvafiq dəyişikliklər aparılacaq və işəgötürənlərin tövsiyələri nəzərə alınaraq yeni yanaşmalar tətbiq ediləcək.