Peşə təhsilində 2024-cü ilin xülasəsi
29
12 2024
news image

Tələbə qəbulu 25 000 nəfərə yaxın olub

2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24821 nəfər qəbul olunub. Onlardan 15890 nəfəri kişi, 8931 nəfəri (36%) qadındır. 21179 nəfər (85%) dövlət sifarişli, 3642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub.Həmçinin, 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21% artıb.

Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 % artıb- 2021/2022 – 14160, 2022/2023 - 16040, 2023/2024 - 18290, 2024/2025 - 23185.

 Dual peşə təhsili

2024/2025-ci tədris ilində 70 qrup üzrə 1273 nəfər dual peşə təhsil proqramına qəbul olub. Tələbə qəbulunda keçən illə müqayisədə 46% artım olub. Proqram 25 peşə təhsil müəssisəsində 110-dan artıq işəgötürənlə Bakı şəhəri də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Lənkəran, Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata keçirilir. Proqramda toplam 30 ixtisas tədris olunur.

Yüksək texniki peşə təhsili

2024–2025-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 2453 nəfər tələbə adını qazanıb.  

2024-cü ildə sözügedən peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52.7%) ali təhsil müəssisəsinə keçid edib.

Adambaşına maliyyələşmə mexanizmi

2024-cü il ərzində 8 pilot müəssisə üzrə 7142 tələbəyə adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib.

 Yeni ixtisaslar

2024/2025-cü tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisas tədris olunmağa başlayıb. Bura dronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə nəzarətçi, elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nasos qurğuları maşinisti aiddir.

Dərsliklərin çapı

2024-cü ildə 73 adda 33500 dərslik çap olunub. Bu dərsliklərdən 36-sı yerli mütəxəssislər tərəfindən hazırlanıb, 37 dərslik isə xarici dillərdən tərcümə edilib. Eyni zamanda 135900 sayda ümumtəhsil dərsliklərinin çapı tamamlanmışdır.

Mühəndis-pedaqoji heyətin işə qəbulu

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı 1275 vakant yer təqdim olunub, ümumilikdə 3708 nəfər müraciət edib və 2375 şəxs imtahana buraxılıb. İmtahan mərhələsində uğur qazanmış 485 nəfərdən 388 nəfər müsahibədə iştirak edib və 308 nəfər işə qəbul edilib.

Mühəndis-pedaqoji heyətin peşəkar inkişafının artırılması istiqamətində keçirilən təlimlər

2024-cü il ərzində 9 nəfər inzibati-idarəetmə heyəti Türkiyə Republikasının İzmir şəhərində peşə təhsilində innovativ təlim metodologiyaları və müasir tədris yanaşmaları istiqamətində təlim səfərində iştirak ediblər. 2024-cü il ərzində 50 nəfər pedaqoji heyət müxtəlif məzmunlu (yaşıl bacarıqlar, iqlim dəyişikliyi, aşpazlıq, təlim metodologiyaları) təlimlərdən keçib. 2024-cü il ərzində 135 nəfər pedaqoji heyət üzvü işəgötürən yanında müvafiq istiqamətlərdə ixtisasartırma təlimlərinə cəlb olunublar.

Qısamüddətli təlimlər

2024-cü il ərzində qısamüddətli təlimlərə 234 nəfər cəlb olunub.

2024-cü ili ərzində 215 nəfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təlimlərə cəlb olunub.

 

Publik hüquqi şəxs statusu alan müəssisələr

2024-cü il ərzində 9 peşə təhsili müəssisəsi publik hüquqi şəxs statusu alıb.