27 noyabr 2024-cü il tarixində “4D Dual TVET” layihəsinin Azərbaycan üzrə birinci mərhələsinin bağlanış tədbiri keçirilib. Layihə 2021-ci ildən peşə təhsilində təlim keyfiyyətini və standartlarını yaxşılaşdırmaq, eləcə də İKT və avtomobil mexatronikası sahəsində əmək bazarına uyğun bacarıqların artırılmasını dəstəkləmək məqsədilə həyata keçirilir.
Tədbirdə çıxış edən qonaqlar peşə təhsilindəki nəaliyyətlər və növbəti hədəflər haqqında danışaraq təhsilin bu növünün əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.
Layihə çərçivəsində 2022-2023-cü tədris ilindən başlayaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində İKT və avtomobil mexatronikası üzrə dual qruplara tələbə qəbulu aparılıb. Dual peşə təhsili qruplarında təhsil alan tələbələr nəzəri dərslərinini peşə təhsili müəssisəsində, praktiki dərslərini isə ölkədəki 25 yerli və beynəlxalq şirkətdə real iş mühitində keçiblər. Hal-hazırda 9 qrup üzrə ümumilikdə 171 tələbə dual qruplarda peşə təhsilini davam etdirir.
Qeyd edək ki, sözügedən layihə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən "Sequa" təşkilatı vasitəsilə maliyyələşdirilir və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatı tərəfindən icra olunur