“Junior Skills Azərbaycan – Gənc Bacarıqlar” layihəsi çərçivəsində şagirdlər üçün info-sessiyalar keçirilib
07
11 2024
news image

    1-5 noyabr tarixlərində Bakı şəhərinin müxtəlif ümumi təhsil müəssisələrində gənc nəsli gələcək peşə bacarıqları üzrə hazırlamaq və onları beynəlxalq səviyyədə təcrübə qazanma imkanları ilə tanış etmək məqsədi ilə “WorldSkills” yarışlarına dair info-sessiyalar keçirilib.

    İnfo-sessiyalar Nərimanov rayonunda 37 nömrəli, Xətai rayonunda 64 nömrəli, Suraxanı rayonunun Əmircan qəsəbəsində 97 nömrəli və Bülbülə qəsəbəsində yerləşən 208 nömrəli tam orta məktəblərdə təşkil edilib. Tədbirlərdə 9 və 10-cu siniflərdə təhsil alan ümumilikdə 170 nəfər şagird iştirak edib.

    Sessiyalarda şagirdlərə son illərdə peşə təhsili sahəsində ölkəmizdə yaradılan müasir şərait və dövlət dəstəyi barədə geniş məlumat çatdırılıb. Eyni zamanda, “WorldSkills” yarışlarının tarixi, inkişaf mərhələləri və bu hərəkata Azərbaycanın üzvlüyü ilə gənclər üçün yaranmış yeni fürsətlər haqqında ətraflı məlumat verilib. Habelə "WorldSkills" yarışlarında Azərbaycan təmsilçilərinin qazandığı beynəlxalq təcrübələr də şagirdlərlə bölüşülüb.

    İnfo-sessiyalar zamanı 3D rəqəmsal oyun sənəti, veb texnologiyalar və kiber-təhlükəsizlik kimi müasir ixtisaslarla yanaşı aşpaz, saç ustası və qaynaq kimi ənənəvi sahələr üzrə keçirilmiş yerli və beynəlxalq yarışlar haqqında məlumatlar gənclərin diqqətinə çatdırılıb. Sonda şagirdlərin sualları cavablandırılıb və onları peşə təhsilinin gələcək imkanları ilə daha yaxından tanış etmək və gələcəkdə ixtisas seçimi zamanı doğru qərar vermələrinə dəstək olmaq məqsədilə interaktiv müzakirələr aparılıb.

    Qeyd edək ki, info-sessiyalar Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” İctimai Birliyi və “Bir Könüllü” təşkilatının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Junior Skills Azərbaycan – Gənc Bacarıqlar" layihəsi əsasında baş tutub.