Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri baş tutub
23
10 2024
news image

21 oktyabr 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri baş tutub.

Səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri üçün Respublika Peşə Təhsili İnstitutunda (RİPO) “Peşə təhsil sisteminin modernləşdirilməsi mexanizmləri” mövzusunda ixtisasartırma kursları keçirilir.

Kurs müddətində iştirakçılar müasir şəraitdə peşə təhsilinin inkişaf tendensiyaları ilə tanış olacaqlar. Onlara işçi peşələr üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi metodologiyası öyrədiləcək. Eyni zamanda, sənaye tərəfdaşlarının tələblərinə uyğun olaraq peşə təhsili proqramlarının məzmununun layihələndirilməsi mövzusu da tədris olunacaq. İştirakçılar, həmçinin funksional analiz əsasında nəzəri və praktik dərslərin məzmununun hazırlanması ilə bağlı biliklər əldə edəcəklər. Belarus Respublikasında tədris prosesinin təşkili ilə tanışlıq və praktik məşğələlərin keçirilməsi üçün nümayəndə heyəti Smiloviç Dövlət Kolleci, RİPO-nun nəzdindəki Molodeçno Dövlət Politexnik Kolleci və Maşınqayırma və Avtoservis üzrə Müasir Texnologiyalar Kollecinə səfərlər edəcəklər.

24 oktyabr tarixində nümayəndə heyəti Belarus Respublikası Təhsil Nazirliyinin Təhsil Keyfiyyətinə Nəzarət Departamenti ilə birgə RİPO tərəfindən təşkil olunan “Təhsilin keyfiyyətinin təmin edilməsi: vəziyyət, problemlər və perspektivlər” adlı II Beynəlxalq Elmi-Metodik Konfransda iştirak edəcəklər.

Tədris proqramı ilə yanaşı nümayəndə heyəti üçün Belarus Respublikasının tarixi və mədəniyyəti ilə tanış olmaq məqsədilə mədəni proqram da təşkil olunub. Bu çərçivədə nümayəndə heyəti Böyük Vətən Müharibəsi Tarixi üzrə Belarus Dövlət Muzeyinə, həmçinin “Dudutki” xalq sənətləri və texnologiyaları muzey kompleksinə səfər edəcəklər.