Müəllimlər “Yaşıl bacarıqlar” ını gücləndiriblər
22
10 2024
news image

Azərbaycanın müxtəlif peşə təhsili müəssisələrinin 15 əməkdaşı Bakıda keçirilən “Yaşıl bacarıqlar” təliminə qatılıb.

Gəncləri dayanıqlı gələcək üçün yaşıl bilik və bacarıqlarla təmin etmək məqsədilə keçirilən təlim proqramı iki gün davam edib. Beynəlxalq ekspert Dr. Maria Toro-Trokonis tərəfindən təqdim edilən bu proqram iştirakçılara ətraf mühit problemlərinin öhdəsindən gəlmək və dayanıqlı inkişafı təşviq etmək üçün zəruri vasitələr qazandırmağı hədəfləyirdi.

Təlimin ilk günü iştirakçılara iqlim dəyişikliyi, istixana qazları və istixana effekti barədə əsas anlayışlar izah edilib. İştirakçılar karbon izlərini hesablama üsullarını öyrənərək bu biliklərin tədris proqramlarına inteqrasiya edilməsini qrup çalışmalarında müzakirə edilib. Təlimin ikinci günü iştirakçılara iqlim ədaləti, postkarbon iqtisadiyyatına keçid, dayanıqlı həyat tərzinin təşviqi və “CoDesignS” çərçivəsi ilə dərs planlarının hazırlanmasına dair məlumatlar verilib.

Bu təlim BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində Azərbaycan Respublikasında daha yaşıl və dayanıqlı gələcəyə doğru addımlayan gənc liderlərin formalaşmasına töhfə verəcək.

Qeyd edək ki, təlim BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub.