7-11 oktyabr 2024-cü iltarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Almaniyanın Ştutqart və Triesdorf şəhərlərinə səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Almaniyanın AgrarKontakte International (AKI) təşkilatının icraçı direktoru Falk Kullen ilə görüş keçirib. Görüşdə peşə təhsili tələbələri üçün Bavariya əyalətində yerləşən müxtəlif müəssisələrdə təcrübə proqramlarının təşkili müzakirə olunub.
Daha sonra nümayəndə heyəti Almaniyada kənd təsərrüfatı sahəsində öncül hesab edilən Birkenfeldhof və Birkenhof təsərrüfatlarına baş çəkiblər. Bu təsərrüfatlarda nümayəndələr praktiki təlimlərin necə keçirildiyi və tələbələrin qazandıqları təcrübələr barədə yerində məlumat alıblar.
Səfərin davamında nümayəndələr Almaniyanın aqrar sahədə ixtisaslaşmış Vainştefen-Triesdorf Universitetinin akademik heyəti ilə görüşüblər. Görüş zamanı universitetin tədris prosesi, maddi-texniki baza və təlim imkanları barədə ətraflı məlumat əldə edilib. Eyni zamanda, iki ölkə arasında aqrar sahədə peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti universitetin qabaqcıl tədris metodları və təcrübəyə əsaslanan yanaşmaları ilə tanış olaraq, gələcək əməkdaşlıq çərçivəsində Azərbaycan peşə təhsili müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi və tələbələrin Almaniyada təlim və təcrübə proqramlarına cəlb edilməsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, səfərin əsas məqsədi kənd təsərrüfatı sahəsində peşə təhsili və praktik təlim imkanlarının təkmilləşdirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub. Eləcə də, bu səfər Azərbaycanın peşə təhsili sisteminin dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.