Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “ATMİA” tədris resurs mərkəzinin açılışı baş tutub
04
10 2024
news image

     4 oktyabr tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanasında “ATMİA” tədris resurs mərkəzinin açılışı baş tutub. 

     Qeyd olunan tədris resurs mərkəzində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasına (ATMİA) üzv tikinti şirkətlərinin güşələri təşkil olunub və tələbələr üçün müxtəlif tikinti materiallarının nümunələri yerləşdirilib. Gələcəkdə bu emalatxanada seminarlar, kurslar və digər tədris tədbirlərinin keçirilməsi planlaşdırılır.

     Bu istiqamətdə əməkdaşlığın qurulmasında məqsəd tələbələrin bilik və bacarıqlarının artırılması, tikinti sənayesi ilə bağlı maarifləndirmə işinə dəstək göstərilməsi, peşəkar kadrların hazırlanmasına töhfə vermək və onların işlə təmin olunmasına kömək etməkdir. Həmçinin bu tədbir vasitəsilə gələcəyin peşəkar ustalarına ATMİA üzvlərinin istehsal etdiyi keyfiyyətli məhsullar tanıdılacaq, yeni istehsal olunan məhsullar barədə məlumat verilərək gənclərin peşəyə marağı artırılacaqdır.

     6 fevral 2024-cü ildə ATMİA ilə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində əməkdaşlığın daha sıx davam etdirilməsi nəzərdə tutulur.