16 sentyabr tarixindən etibarən peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən 84 peşə təhsil müəssisəsində 136 ixtisas üzrə təhsil alacaq 37000 nəfər tədrisə başlayıb. Onlardan 24790 nəfəri 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanaraq peşə təhsili almaq hüququ qazanıblar.
2024-2025-ci tədris ilindən etibarən ilk dəfə Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində iki növbəli təhsilə keçid həyata keçirilib. Bu istiqamətdə təhsil proqramları üzrə tədris planlarında müvafiq dəyişikliklər edilib. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 73 adda dərslik çap olunub. Buraya müəlliflərimiz tərəfindən hazırlanmış, eyni zamanda xarici dildən azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq cari tədris ilində yeni peşə təhsil müəssisələrinin qurulması və maddi-texniki infrastrukturunun yaxşılaşdırılması prosesi də davam edəcək. Eyni zamanda, Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər Qarabağda da 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.