4 sentyabr tarixində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib. Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 5 -10 sentyabr (saat 17:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
• attestatın əsli;
• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Birinci və ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə ümumilikdə 39000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib.
Qeyd edək ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 13454 plan yeri üzrə aparılıb. İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 11793 nəfərdən 39101 müraciət daxil olub.
Peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun apelyasiya mərhələsinin 12-13 sentyabr tarixlərində baş tutması planlaşdırılır.