Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Belarus Respublikasının Respublika Peşə Təhsili İnstitutu (RİPO) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Belarusiyanın Respublika Peşə Təhsili İnstitutunun direktoru Valeriy Qolubovskiy Azərbaycana səfər edib.
Səfər çərçivəsində 15 avqust 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində rəsmi görüş keçirilib. Görüşdə Azərbaycan və Belarus arasında 2024-2025-ci illəri əhatə edən fəaliyyət planı müzakirə olunub. İki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq imkanları və bu sahədə təcrübə mübadiləsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüş zamanı qida məhsullarının istehsalı və alternativ enerji qurğu və avadanlıqlarının istismarı üzrə ixtisasların müəyyənləşdirilməsi, həmçinin müvafiq kadr hazırlığı aparılan müəssisələrin təyin edilməsi mövzuları müzakirə edilib. Belarusiyanın bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə mühəndis-pedaqoji və inzibati idarəetmə heyətinin qarşılıqlı təcrübə mübadiləsində iştirak etməsi nəzərdən keçirilib.
Görüşün davamında Belarus Respublikasının peşə təhsili sisteminin ümumi strukturu, təsnifatın formalaşması və peşə təhsilinin idarə edilməsində müvafiq nazirliklərin rolu ilə bağlı ətraflı müzakirələr aparılıb. Görüş nəticəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret addımlar atılması qərara alınıb.
Səfər çərçivəsində Belarus Respublikasının Respublika Peşə Təhsili İnstitutunun direktoru Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən infoturda iştirak edib. Burada Valeri Qolubovskiy tərəfindən “Belarus Respublikasında Peşə Təhsili: yanaşmalar və nailiyyətlər” mövzusunda seminar təşkil edilib. Seminarda Belarusiyada peşə təhsilinin inkişafı və əməkdaşlıq prinsipləri haqqında məlumat verilib.
Səfərin sonunda nümayəndənin Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərinə ziyarətləri təşkil edilib.
Qeyd edək ki, bu səfər Azərbaycan və Belarus arasında peşə təhsili sahəsində təcrübə paylaşımı və gələcək əməkdaşlıq layihələri üçün möhkəm baza yaratmaq məqsədilə həyata keçirilib.