Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı media nümayəndələri üçün brifinq təşkil edilib. İlk olaraq media nümayəndələrinə peşə təhsilindəki islahatlar, ümumi vəziyyət və cari ildə görüləcək işlərlə bağlı məlumat verilib. Bildirilib ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət təsirini həm tədrisin keyfiyyətində, həm də maddi-texniki bazanın müasirləşməsində göstərir.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov 2024/2025-ci tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu qaydaları və şərtləri, mövcud vakansiyalar və yeniliklər barədə məlumat verib. Agentlik rəhbəri qeyd edib ki, müsabiqə çərçivəsində və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Ceyhun Kərəmov: “Biz anlayırıq ki, keyfiyyətli tədris üçün təhsilverənlərin bilik və səriştələrinin yüksək olması çox mühümdür. Buna görə də işəqəbul mexanizmlərini ildən-ilə təkmilləşdirərək daha rəqabətədavamlı, güclü kadrları peşə təhsili sisteminə cəlb etməyə çalışırıq.” Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, cari ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işəqəbul mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır.
Qeyd edək ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 22 - 29 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı verilir.