Media nümayəndələri “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışmasını izləyiblər
18
07 2024
news image

18 iyul tarixində media nümayəndələri “WorldSkills Azerbaijan” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışmasını izləyiblər. Media nümayəndələrinə yarış haqqında ətraflı məlumat verilib. Bildirilib ki, müsabiqədə ölkəmizin təmsilçiləri ilə yanaşı Qazaxıstan və Özbəkistandan gələn gənclər də iştirak edirlər. 

Tədbirin əsas məqsədi bu ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Sözügedən yarış “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbirdir. Müsabiqə çərçivəsində ölkəmiz xarici yarışmaçılara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atır.

Qeyd edək ki, yarış Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə həyata keçirilir.