Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən müdavimlərə sertifikatların təqdim edilməsi mərasimində iştirak edən Ceyhun Kərəmov daha sonra məcburi köçkünlərin təcrübə keçdikləri və artıq əmək fəaliyyətinə başlayanların işlədikləri müəssisələrə baş çəkib. Ziyarətlər zamanı onların iş şəraiti ilə yaxından maraqlanıb və gələcək planları haqqında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. Bu ixtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.
İndiyədək Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən məcburi köçkünlərdən Qəbələ rayonu üzrə 45%-i, Gəncə şəhəri üzrə 26%-i, Mingəçevir şəhəri üzrə 29%-i işlə təmin olunub.