Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. beş ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 4.0.5-ci maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, peşə təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 5.5-ci maddəsinə uyğun olaraq, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini və həmin sahədə tətbiq edilən dövlət peşə təhsili standartlarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 9.11-ci maddəsinə uyğun olaraq, peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 11.4-cü maddəsinə uyğun olaraq, iş yerində təcrübə müqaviləsinin nümunəvi formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq, peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 16.10-cu maddəsinə uyğun olaraq, peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığı müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 20.1-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisələrində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.13. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 8.1-ci, 10.21-ci və 24.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək vəzifəsi istisna olmaqla), 4.0.5-ci (peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək vəzifəsi istisna olmaqla), 4.0.10-cu, 4.0.12-ci, 4.0.13-cü, 4.0.16-cı, 4.0.17-ci, 4.0.19-cu (peşə təhsili müəssisəsinin akkreditasiyası qaydasını müəyyən etmək və akkreditasiyanı həyata keçirmək vəzifəsi istisna olmaqla), 4.0.20-ci, 4.0.22-ci, 4.0.23-cü, 4.0.25-ci və 4.0.30-cu maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2-ci strateji hədəfinə uyğun olaraq, peşə təhsilinin inkişafı fondunun təsis edilməsinə və fəaliyyətinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə), 4.0.2-ci, 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) və 4.0.6-cı (peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcmini müəyyən etmək üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.1-ci, 5.5-ci, 9.11-ci, 10.10-cu, 11.4-cü, 14.2-ci, 15.1-ci, 15.3-cü, 16.10-cu, 20.1-ci, 20.5-ci, 21.5-ci, 22.2-ci, 23.1-ci, 23.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (peşə təhsili sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə), 4.0.5-ci (peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək üzrə), 4.0.6-cı (peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin maliyyə mexanizmlərini və normativlərini müəyyən etmək üzrə), 4.0.9-cu (dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək üzrə), 4.0.19-cu (peşə təhsili müəssisəsinin akkreditasiyası qaydasını müəyyən etmək üzrə) və 4.0.24-cü (peşə təhsili müəssisələrinə olan tələbatı müəyyənləşdirmək, peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlamaq üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 10.17-ci, 16.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü (peşə təhsilinə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə), 4.0.4-cü, 4.0.8-ci, 4.0.9-cu (bələdiyyə və özəl peşə təhsili müəssisələrinin nizamnamələrinə rəy vermək üzrə), 4.0.11-ci, 4.0.14-cü, 4.0.15-ci, 4.0.19-cu (peşə təhsili müəssisəsinin akkreditasiyasını həyata keçirmək üzrə), 4.0.24-cü (peşə təhsili müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri həyata keçirmək üzrə), 4.0.26-cı, 4.0.27-ci və 4.0.29-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və həmin Qanunun 4.0.7-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinə münasibətdə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.7-ci, 4.0.14-cü, 4.0.26-cı, 4.0.27-ci və 4.0.29-cu maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində dövlət peşə təhsili müəssisələri olan icra hakimiyyəti orqanları tabeliyindəki peşə təhsili müəssisələrinə münasibətdə həyata keçirirlər;
2.6. həmin Qanunun 4.0.6-cı maddəsində nəzərdə tutulmuş peşə təhsilinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin icrasına nəzarəti təmin etmək üzrə vəzifəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
2.7. həmin Qanunun 4.0.18-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
2.8. həmin Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 4.0.21-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2018-ci il .