Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla bitirən məcburi köçkünlərə sertifikat verilib
11
07 2024
news image

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru Ceyhun Kərəmov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulub. Xüsusilə də yaxın gələcəkdə geri qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.

Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.

Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları  ilk 10 həftədə nərəzi biliklər əldə edərək  istehsalat təlimində iştirak edir, sonuncu  iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bu günə kimi Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən məcburi köçkünlərdən Qəbələ rayonu üzrə 45%-i , Gəncə şəhəri üzrə 26%-i, Mingəçevir şəhəri üzrə 29%-i və işlə təmin olunub.