Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sustainera Solutions cari ilin əvvəlindən başlayaraq həyata keçirdiyi 2023/24-cü tədris ili üzrə Dual peşə təhsil proqramının aralıq monitorinqi uğurla davam etdirilir.
Monitorinqin əsas məqsədi dual təhsil proqramının gedişatı haqqında məlumatın və rəylərin toplanılması və proqramın daha da effektiv tətbiqi üçün zəruri tədbirlərin vaxtında müəyyən edilməsindən ibarətdir. Dual peşə təhsil proqramlarının monitorinqi üçün həm onlayn (sorğu), həm də oflayn (görüşlər) olmaqla iki qiymətləndirmə üsulundan istifadə edilib və bu üsullarla proqramların məzmun və texniki icra istiqamətlərində qiymətləndirilməsi aparılıb.
Sözügedən fəaliyyət çərçivəsində tədris alan tələbələrin, əməkdaşlıq edilən işəgötürənlərin və peşə təhsil müəssisələrinin əməkdaşlarının cari dual peşə təhsil proqramı haqqında fikirlərinin öyrənilməsi, toplanılan rəylər və müşahidələr əsasında proqramın təhlili nəzərdə tutulub.
Sorğulardan istifadə olunaraq təşkil edilən aralıq monitorinqinin birinci mərhələsində peşə təhsil müəssisələri, tələbələr və işəgötürənlər üçün ayrı ayrılıqda sorğu anketləri tərtib olunub və cavablar toplanılıb. Bundan başqa dual təhsil proqramında iştirak edən tələbələr, peşə təhsil müəssisələrinin proqrama cəlb edilmiş əməkdaşları və işəgötürənlər ilə ayrı ayrılıqda fikizi görüşlər təşkil olunub. Peşə təhsili müəssisələri və tələbələr ilə görüşlər artıq yekunlaşıb. Həmçinin sözügedən mərhələdə işəgötürənlər ilə ayrı-ayrılıqda fərdi görüşlər keçirilməkdədir. Qeyd olunmalıdır ki, işəgötürən müəssisələr ilə davam etdirilən görüşlər zamanı onların kadr ehtiyacları nəzərə alınaraq növbəti tədris ili üçün Dual peşə təhsil proqramının tətbiq ediləcəyi ixtisaslar müəyyənləşdirilir və tədris proqramı müzakirə olunur. Eyni zamanda, tədris ilinin sonunda proqramın yekun qiymətləndirilməsinin təşkili də nəzərdə tutulub.
Dual təhsil sistemi tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl işəgötürənlərlə müəsissələrdə praktik bacarıqların real iş mühitində əldə etməsini təmin edən təhsil proqramdır. Proqramının tətbiqində və genişləndirilməsində əsas məqsəd tərəfdaş nümayəndələr ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin öz kadr ehtiyaclarına uyğun mütəxəssislərin hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
Qeyd edək ki, dual təhsil proqramları cari tədris ilində 20 PTM-də, sənaye, turizm, xidmət, kənd təsərrüfatı, həmçinin İKT kimi müxtəlif sahələri əhatə edən 22 ixtisas üzrə həyata keçirilir. Təhsil prosesinə 2023-cü ilin sentyabr ayında 872 tələbə və 100 işəgötürən müəssisə cəlb edilib