Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Abşeron Hotel Qrup” MMC tərəfindən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində turizm və xidmət sahələri üzrə işə qəbul üzrə müsabiqə keçirilib. Tədbirdə “Abşeron Hotel Qrup” MMC-nin tərkibinə daxil olan Baku Marriott Boulevard Hotel, Bilgah Beach Hotel, The Merchant Baku Hotel, Courtyard by Marriott Hotel Baku və Sheraton Baku İntourist hotelləri tərəfindən qeydiyyat üzrə agent, aşpaz köməkçisi, ofisant, barmen, qabyuyan, təmizlikçi, xilasedici, çimərlik üzrə personal vakansiyaları üzrə işəqəbul aparılıb. Ümumilikdə 5 işəgötürən müəssisə üzrə 100-ə yaxın vakansiya tələbə və məzunlara təqdim olunub.
Yarmarkaya qatılan iştirakçılara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
Qeyd edək ki, tədbirdə ümumilikdə 70 nəfər olmaqla Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Bakı Turizm Peşə Məktəbinin tələbə və məzunları iştirak edərək öz CV-lərini işəgötürənlərə təqdim ediblər.