Peşə təhsil müəssisələri Aqrar Biznes Festivalında təmsil olunublar
25
04 2024
news image

     24 aprel tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və Şəki Dövlət Peşə Təhsil Mərkəzi Qəbələ rayonunda təşkil olunan Aqrar Biznes Festivalında təmsil olunublar. Festivalda qonaqlara aqrar, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə təhsil alan tələbələrin əl işləri, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib, həmçinin müxtəlif sahələri əhatə edən innovativ həllər təqdim edilib.

     Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları, tabeli qurumları, həmçinin aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər sərgi bölməsində kənd təsərrüfatı təyinatlı texnikaları, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələrini, müxtəlif bitki və tərəvəz toxumlarını nümayiş etdiriblər.

     Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil edilən Aqrar Biznes Festivalı Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.