İyunun 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Təhsil müəssisəsi əsaslı Peşə təhsili və təlimi üçün maliyyələşdirmə mexanizmləri və peşə təhsili və təlimi müəssisələrinin inkişafı və idarə edilməsi” mövzusunda məşvərət seminarı keçirilmişdir.
Seminarda Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri və “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin ekspertləri iştirak edib.
Tədbirin əsas məqsədi peşə təhsili üçün yeni maliyyələşdirmə mexanizmlərinin hazırlanması, eləcə də peşə təhsili müəssisələrinin inkişafı və idarə edilməsinə dair müzakirələrin aparılması olub.
“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin eksperti Oliver Deasy “PTT-dəki meyllər və 2030-cu il üçün Azərbaycan ssenarisi” və “PTT təminatında maliyyələşdirmə mexanizmi: Siyasət seçimləri” adlı təqdimatlarla çıxış edərək peşə təhsili üzrə maliyyə mexanizmləri, peşə təhsili və təliminin maliyyələşdirilməsi üçün siyasət seçimləri, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsi barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Layihənin ekspertləri Bahar Arabova və Firdovsi Mütəllimov xərclərin hesablanması mexanizmi, gəlir yaratma fəaliyyətləri, peşə təhsili müəssisələrinin inkişafının planlaşdırılması prosesinə dair təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sonda adıçəkilən mövzular ətrafında geniş müzakirələr aparılıb, peşə təhsili üzrə yeni maliyyələşdirmə mexanizmləri bağlı təkliflərin işlənib hazırlanması qərara alınıb.
İştirakçılar yeni maliyyələşmə mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayaraq, onun peşə təhsilinin inkişafına müsbət təsir göstərəcəyini qeyd ediblər.