“Qızıl Şah” çempionatında peşə təhsil müəssisələrini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb
17
04 2024
news image

      15-17 may tarixləri arasında keçiriləcək ənənəvi “Qızıl Şah” çempionatında iştirak edəcək tələbələri müəyyənləşdirmək məqsədilə keçirilən daxili yarışlar başa çatıb. Sonuncu daxili yarış Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.

      Yarışda iştirak edən tələbələr 45 dəqiqə müddətində bir növ ana yemək, ona uyğun qarnir və sous hazırlayıblar. Çempionatda iştirak edən tələbələr münsiflər heyəti tərəfindən iş prosesi zamanı gigiyena qaydaları və ardıcıllığa düzgün riayət edilməsi, yeməyin dadı və resepturaya uyğun olması, yeməyin düzgün şəkildə servis və dekor edilməsi nominasiyalarına uyğun olaraq qiymətləndirilib.     

      Çempionatın nəticəsinə görə ilk 3 yerin qalibi - Həsənova Kübrə, Ağayev Nihad, Dadaşov Gülnar fəxri fərman, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunublar.

      Qeyd edək ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən keçirilən “Qızıl Şah 2024” 4-cü Respublika Çempionatında böyüklər və gənclər kateqoriyaları üzrə komandalar arasında yarışlar, həmçinin “ət”, “quşəti”, “dəniz məhsulları”, “art sinfi” və “restoran deserti” kateqoriyaları üzrə fərdi yarışlar keçiriləcək. Həmçinin ilk dəfə olaraq beynəlxalq “Qızıl Şah Kuboku” 8 ölkənin milli komandası arasında oynanılacaq. Sözügedən çempionat Worldchefs təşkilatının himayəsi altında keçirilir.

      Xatırladaq ki, daxili yarışlar ümumilikdə 8 peşə təhsil müəssisəsində keçirilib.