Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Novruz mövzulu “Açıq qapı” tədbiri keçirilib
15
03 2024
news image

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Novruz mövzulu “Açıq qapı” tədbiri keçirilib. Tədbirdə ictimaiyyət və işəgötürən təşkilatların nümayəndələri, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərindən ümumilikdə 600-ə yaxın şagird və müəssisənin uğurlu məzunları iştirak ediblər.

Tədbirdə Mərkəzin həyətyanı ərazisi və inzibati binasında 20-dən çox ixtisas üzrə təşkil olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir iştirakçıları və qonaqlar video çəkiliş üzrə operator, səs operatoru, kinomontajçı, interyer və eksteryerin bədii tərtibatçısı, florist, veb dizayn, media və audiovizual texnologiyaların istismarı, tədbir təşkilatçısı, kostyum ustası və dərzi, moda dizaynı, bərbər, saç və gözəllik xidmətləri ixtisaslarının istehsalat dərsi prosesi ilə tanış olublar. Daha sonra iştirakçılar aşpaz, zərgər, ağac üzərində oyma, vitraj, qrimçi pastijor, xalçaçı, dulusçu, qənnadıçı- şiriniyyatçı ixtisasları üzrə təşkil olunmuş ustad dərslərini izləyiblər.

“Açıq qapı” günündə iştirakçılara peşə təhsilində inklüziv tədris və xidmətlər, 2024/2025-cü tədris ili üzrə qəbul aparılacaq ixtisaslar barədə, eyni zamanda peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin əsas məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.