"Qızıl Şah 2024” 4-cü Respublika Çempionatında peşə təhsil müəssisələrini təmsil edəcək komanda üzvlərinin seçimi davam edir
07
03 2024
news image

        6 mart tarixində "Qızıl Şah 2024” IV Respublika Çempionatında iştirak edəcək tələbələri müəyyənləşdirmək məqsədilə növbəti daxili yarış Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

        Yarışda iştirak edən tələbələr 45 dəqiqə müddətində bir növ ana yemək, ona uyğun qarnir və sous hazırlayıblar. Çempionata “Bulvar Marriot” hotelin aşpazı Emil Qurbanov mentorluq edib. 

        Çempionatda iştirak edən tələbələr münsiflər heyəti tərəfindən iş prosesi zamanı gigiyena qaydaları və ardıcıllığa düzgün riayət edilməsi, yeməyin dadı və resepturaya uyğun olması, yeməyin düzgün şəkildə servis və dekor edilməsi nominasiyalarına uyğun olaraq qiymətləndirilib.

        Çempionatın nəticəsinə görə Həsənov Faiq və Salamov Rauf I yerə, Abbasov Rasim və Ağababayeva Fatimə II yerə, Hüseynova Qəmərxanım və İsrafilova Səfurə III yerə layiq görülərək fəxri fərman, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunub.  

        Qeyd edək ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən keçirilən “Qızıl Şah 2024” 4-cü Respublika Çempionatında böyüklər və gənclər kateqoriyaları üzrə komandalar arasında yarışlar, həmçinin “ət”, “quşəti”, “dəniz məhsulları”, “art sinfi” və “restoran deserti” kateqoriyaları üzrə fərdi yarışlar keçiriləcək. Həmçinin tarixdə ilk dəfə olaraq beynəlxalq “Qızıl Şah Kuboku” 8 ölkənin milli komandası arasında oynanılacaq. Sözügedən çempionat Worldchefs təşkilatının himayəsi altında keçirilir.

        Xatırladaq ki, daxili yarışların ümumilikdə 8 peşə təhsil müəssisəsində keçirilməsi planlaşdırılır.