15-17 may tarixləri arasında keçiriləcək ənənəvi "Qızıl Şah 2024” 4-cü Respublika Çempionatında iştirak edəcək tələbələri müəyyənləşdirmək məqsədilə daxili yarışlara start verilib. İlk daxili yarış Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Yarışda iştirak edən tələbələr 45 dəqiqə müddətində bir növ ana yemək, ona uyğun qarnir və sous hazırlayıblar. Çempionata Excelsior hotelin baş aşpazı Fuad Rəhimov mentorluq edib.
Çempionatda iştirak edən 12 tələbə münsiflər heyəti tərəfindən iş prosesi zamanı gigiyena qaydaları və ardıcıllığa düzgün riayət edilməsi, yeməyin dadı və resepturaya uyğun olması, yeməyin düzgün şəkildə servis və dekor edilməsi nominasiyalarına uyğun olaraq qiymətləndirilib.
Çempionatın nəticəsinə görə ilk 3 yerin qalibi - Neymətov Rəvan, Hüseynova Zərqələm, Məmmədov İlkin fəxri fərman, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif olunub.
Qeyd edək ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası tərəfindən keçirilən “Qızıl Şah 2024” 4-cü Respublika Çempionatında böyüklər və gənclər kateqoriyaları üzrə komandalar arasında yarışlar, həmçinin “ət”, “quşəti”, “dəniz məhsulları”, “art sinfi” və “restoran deserti” kateqoriyaları üzrə fərdi yarışlar keçiriləcək. Həmçinin tarixdə ilk dəfə olaraq beynəlxalq “Qızıl Şah Kuboku” 8 ölkənin milli komandası arasında oynanılacaq. Sözügedən çempionat Worldchefs təşkilatının himayəsi altında keçirilir.
Xatırladaq ki, daxili yarışların ümumilikdə 8 peşə təhsil müəssisəsində keçirilməsi planlaşdırılır.