Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “AzerGold” QSC tərəfindən mükafatlandırılıb
16
01 2024
news image

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə təhsili üzrə elan etdiyi 3-cü Təqaüd proqramı müsabiqələrinin qalibləri müəyyənləşib.

Yanvarın 11-də “AzerGold” QSC-nin Daşkəsəndə yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində peşə təhsili üzrə müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlarla təmin edilməsi məqsədi ilə təsis edilən müsabiqələrdə 2023-2024-cü tədris ili üzrə 8 nəfər peşə təhsil müəssisəsinin tələbəsi təqaüdə layiq görülüb. Test imtahanı və müsahibə mərhələsindən uğurla keçən tələbələr “AzerGold” QSC-nin rəhbərliyi tərəfindən təltifnamə ilə mükafatlandırılıblar.

Təqaüd proqramına cəlb edilən hər bir tələbə 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək. Bundan başqa, proqramda iştirak edən tələbələr Səhmdar Cəmiyyətdə təcrübə keçəcək, məzun olduqdan sonra ehtiyac duyulan istiqamətlərdə onların məşğulluğa cəlb edilməsinə baxılacaq.

Xatırladaq ki, Peşə təhsili üzrə “Təqaüd proqramı” müsabiqəsi Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün təşkil edilib. Müsabiqədə tam orta təhsil bazasından sözügedən peşə təhsili mərkəzinə qəbul olunan və 2023-2024-cü tədris ili üzrə “Dağ-mədən işləri üzrə mütəxəssis”, “Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis” və “Elektrik qaz qaynaqçısı” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

Qeyd edək ki, ötən 3 il ərzində “Təqaüd proqramı” müsabiqələrində iştirak etmiş peşə təhsili alan tələbələrin sayı isə 204 nəfərə çatıb. Bugünədək 35 nəfər peşə təhsili üzrə “AzerGold” təqaüdünə layiq görülüb.