Peşə təhsilində 2023-cü ilin xülasəsi
29
12 2023
news image
  • Qəbul olunan tələbə sayı 21 000 nəfərə yaxın olub.

“Portal.edu.az” platforması üzərindən elektron qaydada həyata keçirilən tələbə qəbulu 72 peşə təhsil müəssisəsində 128 ixtisas üzrə aparılmışdır. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 113 925 müraciət daxil olmuş, 20 563 nəfər isə tələbə adını qazanmışdır. Onlardan 13 632-i kişi, 6931-i isə qadındır. Həmçinin   17 022 nəfər dövlət sifarişli, 3541 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olmuşdur. Ötən illə müqayisədə qəbul olan şəxslərin sayı 8% artmışdır.

  • Yüksək Texniki Peşə təhsil səviyyəsi üzrə qəbul olanların sayı 1200 nəfərdən çox olub.

2023/2024-cü il  tədris ilində yüksək texniki peşə təhsili səviyyəsi üzrə 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilmiş və 1209 nəfər tələbə adını qazanmışdır.

  • Yüksək texniki peşə təhsili səviyyəsindən məzun olan 22 nəfər subbakalavr dərəcəsi alaraq ali məktəbə qəbul olub.

Cari ildə Yüksək texniki peşə təhsili səviyyəsindən məzun olan 24 nəfərdən 22-si ali təhsil almaq üçün müsabiqədə iştirak edib. Onlardan 21-i ali təhsil almaq hüququ qazanıb. 10 nəfər dövlət vəsaiti hesabına, 11 nəfər isə ödənişli əsaslarla qəbul olunmuşdur.

  • Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib.

20 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən müasir infrastruktur və maddi-texniki baza ilə təchiz olunan Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi istifadəyə verilib. Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

  • Adambaşına maliyyələşmə mexanizmi 8 müəssisə üzrə ümumilikdə 5452 nəfər tələbəyə şamil edilib.

Belə ki, 2023-cü il ərzində 8 müəssisə üzrə ümumi 5452 nəfər tələbəyə adambaşı maliyyələşmə mexanizmi tətbiq edilmişdir. Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli 2067 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 iyun 2023-cü il tarixli 192 nömrəli qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” təsdiq edilmişdir.

  • Peşə təhsili alan 28 tələbəyə ilk dəfə olaraq 7675 manat məbləğində təhsil tələbə krediti verilib.
  • 6 yeni ixtisas üzrə təhsil proqramı hazırlanıb.

2023/24-cü tədris ili üzrə yüksək texniki peşə təhsili səviyyəsi üzrə “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Kənd təsərrüfatı və inşaat texnikasının (maşınlarının) istismarı,”  texniki peşə təhsili səviyyəsi üzrə “Rabitə quraşdırıcısı-kabelçi , Kombi və kondisioner ustası, Planer və mühərrik üzrə mexanik, Unüyütmə istehsalının aparatçısı” olmaqla ümumilikdə 6 yeni ixtisas üzrə səriştə əsaslı təhsil proqramları hazırlanmışdır. Yeni ixtisas və proqramların yaradılması zamanı işəgötürənlərdən gələn tələblər, ixtisasın tədris olunduğu regionun ümumi sosial-iqtisadi inkişaf meylləri nəzərə alınmış və əmək bazarının tələblərinə uyğunlaşdırılmışdır.

  • 11 tələbə Almaniyada 8 aylıq təcrübə proqramında iştirak edib.

       Almaniya Sparkassenstiftung Fondu və Agri Kontakte təşkilatı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyinin 11 tələbəsi “Almaniyada Beynəlxalq Kənd Təsərrüfatı Təhsil Proqramında” iştirak hüququ qazanıb. Tələbələrimiz cari ilin aprel ayından Almaniyada gənc fermerler üçün 8 aylıq kənd təsərrüfatı təlimi proqramına cəlb olunmuşdur. Təcrübə proqramının əsas məqsədi Almaniya və tərəfdaş ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı sahəsinə səmərəli töhfə verməkdən ibarətdir.

  • 22 xarici dilli dərsliyin tərcüməsinə başlanılıb.

2023-cü ilin son rübündən 16 türk, 4 ingilis, 2 alman dilli dərsliyinin tərcüməsinə başlanmışdır. Tərcümə edilməkdə olan Türkiyə Respublikasının peşə təhsili dərslikləri qida təhlükəsizliyi, satış, İKT, poliqrafiya və s. sahələri əhatə edir. Böyük Britaniya və Almaniya Federativ Respublikasının peşə təhsili müəssisələrində tətbiq edilən tərcümə edilməkdə olan dərsliklər isə elektronika, logistika, metal mühəndisliyi sahələrini əhatə edir.

  • 151 nəfər mühəndis-pedaqoji heyəti üçün işəgötürən müəssisələrdə, 40 nəfər üçün isə Türkiyədə ixtisasartırma təlimləri təşkil edilmişdir.

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin artıırlması məqəsdilə 2023-cü il ərzində peşə təhsili müəsissələrinin aşpaz, qənnadıçı, qaynaq, turizm, elektrik, qrafik dizayner ixtisasları üzrə 151 nəfər mühəndis-pedaqoji heyəti üçün işəgötürən müəssisələrdə ixtisasartırma təlimləri təşkil edilmişdir. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış Protokola uyğun olaraq müxtəlif peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasında təlim səfəri təşkil edilmişdir. Təlimlərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən 11 peşə təhsili müəssisəsinin 40 nəfər müəllim heyəti iştirak etmişdir.

  • DUAL peşə təhsil proqramlarının əhatə dairəsi genişləndirilib.

2023/24-cü tədris ilində Dual Təhsil Proqramı (usta yanında şagirdlik) üzrə 20 peşə təhsil müəssisəsində toplamda 48 qrupda tədrisə başlanılmışdır.  Proqramda ümumi olaraq hal-hazırda 872 tələbə təhsil alır. 12 regionu əhatə edən proqrama 100-ə qədər işəgötürən tərəfdaş dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edən proqramda 22 ixtisas mövcuddur.

  • Peşə təhsili müəssisələrində 321 nəfər mühəndis-pedaqoji heyət mərkəzləşmiş imtahanla işlə təmin olunub.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı müvafiq olaraq 145 və 429 vakant yer təqdim edilmiş, ümumilikdə 2522 nəfər müraciət etmiş və 1963 nəfər müsabiqəyə buraxılmışdır. Müsabiqə mərhələsində uğur qazanmış 200 istehsalat təlimi ustası, 104 ixtisas fənn müəllimi işə qəbul edilmişdir. Yüksək texniki peşə təhsili üzrə çıxarılmış 17 vakant yerə ümumilikdə 662 müraciət daxil olmuş və YTP müəllimləri üçün müsahibə komissiyası tərəfindən müvafiq olaraq 50-yə yaxın namizəd ilə onlayn müsahibə keçirilmişdir. Nəticə olaraq 17 yüksək texniki peşə müəllimi işə qəbul edilmişdir. Ümumilikdə 2023-2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrində 321 nəfər mühəndis-pedaqoji heyət işlə təmin olunmuşdur.

  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

13 dekabr tarixində Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış konfransı keçirilib. Konfransın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsində ölkəmizdə son illər aparılan islahatlara diqqət çəkmək, bu istiqamətdə fəaliyyət göstərən maraqlı tərəfləri bir araya gətirərək faydalı müzakirələr təşkil etmək olub.

  • 3000-dən çox şəxsin iştirakı ilə “Bir peşənin sirri” festivalı növbəti dəfə uğurla baş tutub.

10 iyun tarixində peşəyönümü prosesinə dəstək məqsədilə ikinci dəfə “Bir Peşənin Sirri” festivalı təşkil edilmişdir. Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilmişdir. Tədbirdə ümumilikdə 3000-dən çox şagirdin iştirakı təmin edilmişdir.

  •      26 000-dən çox şagirdə peşə təhsili haqqında məlumat verilib.

Peşəyönümü fəaliyyətinin bir hissəsi olaraq keçirilən Açıq qapı tədbirləri 7000-dən çox iştirakçı və 134-dən çox işəgötürəni əhatə etmişdir. Həmçinin, genişmiqyaslı tədbirlərlə yanaşı hər bir peşə təhsil müəssisəsi tərəfindən müəssisənin maddi-texniki bazası ilə və tədris olunan ixtisaslarla tanışlıq məqsədli infoturlar mütəmadi şəkildə keçirilmişdir. İnfoturlardada 10.000-ə yaxın şagird və 174 işəgötürən iştirak etmişdir.

  • 7 istiqamət üzrə WorldSkills Milli yarışları keçirilib.

   7 istiqamət üzrə Milli yarışlar keçirilib (Veb texnolohiyaları, 3D rəqəmsal oyun sənəti, kibertəhlükəsizlik, qaynaqçı, bərbər, aşpazlıq, zərgərlik). 2       istiqamət üzrə (veb texnologiyaları və bərbər ixtisası) “WorldSkills Azerbaijan” iştirakçıları “WorldSkills Asia Abu Dhabi 2023” regional yarışda iştirak   ediblər. Sözügedən yarışda 30 ölkədən 150 iştirakçı iştirak edib.