27 dekabr tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Lənkəran-Astara iqtisadi rayonunda və qonşu Salyan və Neftçala rayonlarında peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektor əməkdaşlığına dair regional konfrans keçirilib. Konfransın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatı, peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsidir. Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 66-ya yaxın işəgötürən qurumun nümayəndəsi iştirak edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov: “Cənub zonasında qurulan yeni peşə təhsili müəssisələri, yaradılan müasir infrastruktur kənd təsərrüfatı, mebel istehsalı, turizm, nəqliyyat və sənaye sahələrində regionun iqtisadi tələblərinə uyğun kadr hazırlığına imkan yaradır.” Agentlik rəhbəri bu prosesdə işəgötürənlərin də fəal rol oynamasının və peşə təhsili müəssisələri ilə yaxından işləmələrinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Konfrans zamanı həmçinin, işəgötürənlərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb. İşəgötürən qurumların nümayəndələri xüsusilə dual təhsil modeli əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.
Sonda iştirakçılar üçün Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə infotur həyata keçirilib. İnfotur zamanı iştirakçılar mərkəzin mühəndis-pedoqoji heyətinin və tələbələrinin əl işləri ilə və praktiki dərsləri ilə yaxından tanış olublar.