Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 20 dekabr 2023-cü il tarixində Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl əməkdaşlığına dair regional konfrans keçirilib. Konfransın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi, dövlətin iqtisadi siyasətində sahibkarlığın inkişafının əhəmiyyətini və yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatı, peşə təhsili müəssisələri ilə dövlət-özəl əməkdaşlığı istiqamətində işəgötürənlərin maraq və öhdəliklərinin müəyyənləşdirilməsidir. Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 110-a yaxın işəgötürən qurumun nümayəndəsi iştirak edib. Konfrans məzunlar, işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunmuş əmək yarmarkası ilə başlayıb. İştirakçılarla Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün infotur həyata keçirilib. Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bütün ölkədə olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonunda da peşə təhsilinin olduqca vacib rol oynadığını və regionu təmsil edən işəgötürənlərlə bu sahədə qarşılıqlı əməkdaşlığın çox əhəmiyyətli olduğunu qeyd edib. Konfrans zamanı həmçinin, işəgötürənlərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.