Bakı Mühəndislik Universiteti ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədi imzalanıb
18
12 2023
news image

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov ilə görüşüb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə peşə təhsilinin daha da inkişafının təmin edilməsi istiqamətində atılan mühüm addımlara diqqət çəkən rektor peşə təhsilinin prioritet istiqamət kimi müəyyən olunduğunu deyib. Yaqub Piriyev paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni, müasir tələblərə cavab verən peşə təhsili müəssisələrinin qurulduğunu bildirib.  Milli iqtisadiyyatın əsas sektorları üzrə kadr hazırlığında ali təhsil müəssisələri ilə yanaşı, peşə məktəblərinin də üzərinə müvafiq vəzifə və öhdəliklərin düşdüyünü söyləyən rektor bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərin təmin edilməsi üçün təhsilin müvafiq pillələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

BMU-nun Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə səmərəli əməkdaşlığa hazır olduğunu deyən Yaqub Piriyev müasir maddi-texniki bazaya malik universitetdə əlaqələrin genişləndirilməsi üçün hər cür potensialın olduğunu ifadə edib.

Öz növbəsində peşə təhsilinə dövlət qayğısından ətraflı bəhs edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə hazırlığında keyfiyyətin yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələri önə çəkib. Bəzi peşə sahələri üzrə elmi dəstəyə ehtiyacın olduğunu bildirən direktor bu baxımdan BMU ilə əməkdaşlığın qarşılıqlı faydalar verəcəyinə ümidvar olduğunu söyləyib və səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Ceyhun Kərəmov peşə təhsili və təlimi ilə bağlı prioritetlərdən danışıb, tədris planları və proqramlarının hazırlanmasında əməkdaşlığın, xüsusilə də sub-bakalavr dərəcəsi verən yüksək texniki peşə təhsili kontekstində vacibliyinə diqqət çəkib.

Sonra təhsilin ali pilləsi ilə peşə təhsili ixtisaslarında qarşılıqlı maraq yaradan məqamlarla bağlı geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Eyni zamanda, konkret ixtisaslar üzrə əməkdaşlıq, Agentliyin peşə təhsil mərkəzləri ilə tanışlıq nəzərdən keçirilib.

Müzakirələrdən sonra BMU ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında “Əməkdaşlıq haqqında razılaşma” imzalanıb. Peşəkar və mühəndis kadrlarının hazırlanması sahəsində əməkdaşlığın qurulması və inkişafı məqsədi daşıyan sənəd bir çox mühüm istiqamətləri əhatə edir.