Dual peşə təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib
04
12 2023
news image

Dual Təhsil Proqramına uyğun olaraq peşə təhsil müəssisələrində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə oktyabr ayının sonundan etibarən start verilib.

Tələbələr peşə təhsil müəssisəsində həftədə 2 gün olmaqla nəzəri biliklərlə yanaşı, 3 gün işəgötürən şirkətlərin mütəxəssisləri ilə birgə iş yerində praktiki bacarıqlara yiyələnir, oxuduqları ixtisas üzrə biliklərini iş prosesində inkişaf etdirirlər.

2023/24-cü tədris ili üzrə Dual Təhsil Proqramı 20 peşə təhsil müəssisəsində toplamda 48 qrupu əhatə edir. Proqramda ümumi olaraq 800-dən çox tələbə təhsil alır. Ümumilikdə 12 regionu (Bakı, Sumqayıt, Gəncə, Qəbələ, Lənkəran, Şəki, İsmayıllı, Cəlilabad, Neftçala, Qax, Kürdəmir, Göygöl) əhatə edən proqrama 100 işəgötürən tərəfdaş şirkət dəstək verir.  Sənaye, turizm, xidmət, kənd təsərrüfatı, İKT kimi müxtəlif sahələri əhatə edən proqram 22 ixtisasda tətbiq olunur.

Tədris ilinin başlanğıcında tələbələr 5 həftə ərzində təhsil mərkəzində ilkin baza biliklərinə sahibləniblər. Aprel ayından başlayaraq praktiki məşğələlərin sayı 5 gün olmaqla davam etdiriləcək. Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də qabaqcıl işəgötürən müəssisələrdə təcrübə qazanacaqlar. Tədris ilinin sonunda uğurlu nəticə göstərən tələbələrin işlə təmin olunması da nəzərdə tutulub.

Dual Təhsil sistemi tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır. Dual Təhsil Proqramının tətbiqində və genişləndirilməsində əsas məqsəd tərəfdaş nümayəndələr ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin öz kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.