“Skills Azərbaycan 2023” Milli yarışı elan olunur
26
10 2023
news image

26 oktyabr tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” təşkilatın əməkdaşlığı çərçivəsində, “Skills Azərbaycan 2023” Milli yarışa qeydiyyat elan olunur. “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən Milli yarışdır. Bacarıqlar arasında veb texnologiyalar, 3D oyun sənəti, aşpaz, bərbər, zərgər və qaynaq kimi bacarıqlar yer alır.

Fərqli istiqamətlər üzrə keçiriləcək Milli yarışın sonunda seçilmiş uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında Azərbaycanı təmsil etmək üçün fürsət qazanacaqlar.

“Skills Azərbaycan 2023” Milli yarışlarına son müraciət tarixi 10 Noyabr 2023-cü ildir. İştirakçılar keçid vasitəsilə yarışlara müraciət edə bilərlər.   

Qeyd edək ki, “Bestcomp Group” və “ATL” şirkətləri veb texnologiyalar istiqaməti üzrə “Skills Azərbaycan 2023” Milli yarışın sponsorlarıdır.  

“WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.