14 oktyabr tarixində ölkəmizdə səfərdə olan Surinam Respublikasının elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə baş tutan görüş zamanı nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, son illər Azərbaycanda peşə təhsilinin inkişafı, bu sahəfə innovasiyaların tətbiqinin genişləndirilməsi dövlət siyasətinin bir hissəsi olaraq daim diqqətdə saxlanılır və ildən-ilə peşə təhsili almaq istəyən gənclərin sayı nəzərə çarpacaq dərəcədə artmaqdadır.
Daha sonra Mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib və nümayəndə heyətinin mərkəz ərazisinə infoturu təşkil olunub. Qonaqlara məlumat verilib ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur. Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. İnfotur çərçivəsində nümayəndə heyəti tədris otaqları və emalatxanalarla tanış olublar.