5 oktyabr tarixində ölkəmizdə səfərdə olan Surinam təhsil işçilərindən ibarət nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Görüş zamanı nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanda peşə təhsilinin inkişafı dövlət siyasətinin bir hissəsi olaraq daim diqqətdə saxlanılır və ildən-ilə bu sahəyə gənclərin marağı artmaqdadır.
Daha sonra Mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur və Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Tədris otaqları və emalatxanalarla tanış olan nümayəndə heyəti müxtəlif ixtisaslarda dərs prosesinin gedişi ilə tanış olublar.