Peşə təhsil müəssisələrində yeni tədris ili başlayıb
15
09 2023
news image

15 sentyabr tarixindən etibarən peşə təhsil müəssisələrində yeni tədris ilinə başlanılıb. Cari tədris ili üzrə proqnoz göstəricilərinə əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsində 128 ixtisas üzrə təhsil alacaq 31838 nəfər tədrisə başlayıb.  Onlardan 20775 nəfəri 2023/2024-cü tədris ili peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesi zamanı müsabiqədə uğur qazanaraq peşə təhsili almaq hüququ qazanıblar.

Cari tədris ilində peşə təhsili üçün ən əlamətdar hadisələrdən biri də iyul ayında Prezident İlham Əliyev tərəfindən istifadəyə verilən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində tədrisin başlamasıdır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq yeni peşə təhsil müəssisələrinin qurulması prosesi cari tədris ilində də davam edəcək. Həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2026-cı ilə qədər Qarabağda da 8 yeni peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır