Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Aztelekom” MMC arasında yeni təşəbbüsə start verilib. Layihə çərçivəsində “Aztelekom” MMC-də çalışan 300-dən çox kabel lehimləyicinin Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq “Fiber-optik kabel çəkilməsi” üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur. Layihədə iştirak edəcək şəxslər fiber-optik kabel çəkilməsi üçün tələb olunan zəruri bilik və bacarıqların əldə edilməsi üçün nəzərdə tutulmuş iki aylıq intensiv proqramdan keçəcəklər. Proqrama həftədə iki dəfə olmaqla, hər biri 3 saat davam edən nəzəri və praktiki təlimlər daxildir.
“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali üçün yüksəksürətli internetə çıxışın təmin olunması üçün dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan, “Onlayn Azərbaycan” layihənin icraçıları sırasındadır. Layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının və təşkilatların GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) vasitəsilə minimum sürəti 25 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi planlaşdırılır. Həmçinin köhnə mis magistral kabel infrastrukturunun fiber-optik kabellərlə əvəzlənməsi və fiber-optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Bu da müvafiq olaraq xətt sahəsi üzrə çalışan əməkdaşlarının yeni bilik və bacarıqlar əldə etmə zərurəti yaradır. Təşəbbüsün həyata keçirilməsində əsas məqsəd də “Aztelekom” MMC əməkdaşlarına bu yeni bacarıqların verilməsidir.
Yeni təlim layihəsinə start verilməsi ilə bağlı baş tutan tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, “Aztelekom” MMC-nin rəhbərliyi o cümlədən media nümayəndələri iştirak ediblər.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov: “İxtisasartırma təlimlərinin keçirilməsi peşə təhsili sisteminin əsas elementlərindən biridir. Ümumilikdə, rabitə sahəsində olduğu kimi, sənayenin digər sahələrində də işçilərin ixtisasartırma ehtiyacları mövcuddur; xüsusilə də bu, texnologiyanın sürətlə inkişaf etdiyi sahələrdə özünü daha çox göstərir. Hal-hazırda müxtəlif sənaye sahələrindən olan tərəfdaşlarımızla oxşar təşəbbüslər üzərində çalışırıq”. Agentlik rəhbəri həmçinin sənayenin tələblərinin sürətlə dəyişməsinin bu prosesi labüd etdiyini də vurğulayıb. Təqdimat mərasimində çıxış edən “Aztelekom” MMC-nin baş direktorunun müşaviri Fəxri Qurbanov: “Məqsəd əməkdaşların yeni bacarıq və səriştələr qazanmasını təmin etməkdir. Bu təşəbbüs daim dəyişən iş mənzərəsinə və fərdlərin öz karyeralarında rəqabətədavamlı və uyğunlaşma qabiliyyətini saxlamaq üçün yeni bacarıqlar əldə etmə ehtiyacına proaktiv cavabdır”, - deyə qeyd edib.
Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra iştirakçılara “Fiber-optik kabel çəkilməsi” üzrə dövlət nümunəli sertifikat veriləcək. Bu sertifikat onların peşəkar inkişafına sadiqliyini təsdiq etməklə yanaşı, həm də onların “Aztelekom” və daha geniş telekommunikasiya sənayesində karyera perspektivlərini artırır.