Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə yeni peşə ixtisası yaradılıb
08
09 2023
news image

 “Dövlət – özəl əməkdaşlığı çərçivəsində atılan addımlar peşə təhsilinin inkişafı üçün əhəmiyyətlidir. İş yerində öyrənmə modellərinin tətbiqi istiqamətində vacib nailiyyətlər əldə etmişik, işəgötürən tərəfdaşlarımız da bu prosesə böyük töhfə veriblər.” Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində baş tutan tədbirdə səsləndirib. Mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev həmçinin son illərdə peşə təhsili sahəsinə dövlətin diqqət və qayğısının artdığını da qeyd edib. Tədbirdə ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink və digər rəsmi şəxslər, özəl sektor təmsilçiləri və media nümayəndələri iştirak ediblər.  

Mərasimdə çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink qeyd edib ki, ümumi iqtisadi faydaları ilə yanaşı, bu cür layihələrin hər kəs üçün yeni iqtisadi imkanlar yaradacağına inanır. O bildirib ki, bu layihə Azərbaycanda həyata keçirilən çoxsaylı digər uğurlu dövlət-özəl tərəfdaşlığı təşəbbüslərindən biri olacaqdır.

Tədbirin sonunda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində qida istehsalı sahəsində ixtisaslı kadrların hazırlanması, tələbələrin bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən təşəbbüs çərçivəsində qida istehsalı sahəsində sənayenin tələblərinə və sifarişlərinə uyğun kadr hazırlığına dəstək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC tərəfindən “unüyütmə istehsalının aparatçısı” ixtisası üzrə kurikulum hazırlanmışdır. Cari tədris ilindən etibarən peşə təhsil pilləsində bu ixtisasın tədrisinə başlanılır.