Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerbaijan Fish Farm” MMC balıqçılıq sahəsində birgə kadr hazırlığına start veriblər
05
09 2023
news image

5 sentyabr tarixində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerbaijan Fish Farm” MMC arasında kadr hazırlığının birgə aparılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memorandum çərçivəsində balıqçılıq istiqaməti üzrə ixtisaslı kadrların hazırlanması, Neftçala peşə məktəbinin bazasında balıq yetişdirilməsi üzrə qapalı su çevrəsinin qurulması, tələbələrin bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov: “İşəgötürənlər peşə təhsili sistemində əsas maraqlı tərəflərdir və biz onlarla işin səmərəli qurulmasını prioritet hesab edirik. Neftçalada baş tutacaq əməkdaşlığımız və belə bir infrastrukturun qurulması isə öz növbəsində bölgədə balıqçılıq sənayesinin inkişafına da geniş töhfə verəcəkdir”. Görüş zamanı həmçinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları üzrə gələcək addımlar müzakirə edilib. “Azerbaijan Fish Farm” MMC-nin direktoru Məmməd Nəzərəliyev isə qeyd edib ki, əməkdaşlıq sayəsində balıqçılıq ixtisasları üzrə kadrların hazırlanması mövcud kadr çatışmazlığının həlli istiqamətində vacib rol oynayacaq. Həmçinin Cəmiyyətin ixtisaslı kadrları tərəfindən mövcud ixtisaslar üçün tədris proqramlarının təkmilləşdirilməsinə dəstək göstəriləcəkdir.

Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin icrası nəzərdə tutulur.