Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin nümayəndələri üçün təcrübə mübadiləsi təlimi təşkil olunub
15
09 2021
news image

    Ötən həftə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi proqramı tərəfindən Qəbələ Peşə Təhsil Mərkəzində Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin  nümayəndələri üçün iki günlük təcrübə mübadiləsi təlimi keçirilib.

    Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi ilə birgə maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot layihəsinin hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübələr və çıxarılmış nəticələr barəsində Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbindən seçilmiş mentorların bilik və bacarıqlarının inkişaf etdirilməsidir. Seçilmiş namizədlərlə mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının hazırlanması, məşvərət şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin imzalanması, kurikulum və təlim modullarının hazırlanması prosesi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzularında təlim və təcrübə mübadiləsi keçirilib.

    İştirakçılar təlim proqramının 1-ci günündə Qəbələdə yerləşən “River Side Hotel”-də turizm sahəsi üzrə işəgötürənlərlə görüşdə iştirak edib, 2-ci günüdə isə İsmayıllıda yerləşən “Aqrolozing ACS” və “İsmayıllı şərab – 2” ASC-yə işgüzar səfər ediblər.

    Qeyd edək ki, Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyəşdirilir və 2017-2023-ci illəri əhatə edir. Layihənin modul hədəfi məşğulluq üçün uyğun seçilmiş sektorlarda davamlı iqtisadi inkişafın şərtlərini təkmilləşdirməkdir.

    Proqramın məqsədi məşğulluq üçün uyğun seçilmiş sektorlarda rəqabətlilik bacarığını yaxşılaşdırmaq, özəl və dövlət sektoru nümayəndələrinin əməkdaşlığını inkişaf etdirmək, özəl sektorun davamlı inkişafı və duala bənzər peşə təlimi sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini gücləndirməkdən ibarətdir.