21-25 iyun tarixlərində Avropa Təlim Fondu və YUNESKO, o cümlədən, AYİB, BƏT, YUNİSEF ilə birgə əməkdaşlıqda beynəlxalq konfrans keçirilir
25
06 2021
news image

     21-25 iyun tarixlərində Avropa Təlim Fondu və YUNESKO, o cümlədən, AYİB, BƏT, YUNİSEF ilə birgə əməkdaşlıqda “Ömürboyu öyrənmənin təşkili: Rəqəmsal erada yaşıl bacarıqlar və inklüziv cəmiyyət üçün bacarıqlar” beynəlxalq konfransı keçirilir.

     Beynəlxalq tədbirdə “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG 4) uyğun olaraq, 2030-cu ilədək hamı üçün inkluzivlik, əlçatan keyfiyyətli təhsil və ömürboyu öyrənmə imkanlarının təmin edilməklə ölkələrin öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, eyni zamanda,  təhsil və təlim sistemlərinin yeni çağırışlara asanlıqla uyğunlaşmasına dair müzakirələr aparılacaq. Konfransın əsas məqsədi beynəlxalq və milli təcrübə əsasında təhsil və təlim sistemlərinin ömürboyu öyrənmə prosesinə çevrilməsinə dair müzakirələrin aparılması, COVİD-19 pandemiyası eləcə də, qlobal inkişaf və çətinliklərin fonunda insan kapitalı yetişdirilməsi sahəsində gələcək əməkdaşlıqların qurulması üçün prioritetlərin müəyyən edilməsidir. 

     Konfransın yüksək səviyyəli tədbir sessiyası çərçivəsində PTDA-nın direktor müavini Ceyhun Kərəmov “Ömürboyu öyrənməyə doğru” sessiyasında panelist qismində çıxış etmiş və Azərbaycanda təhsil sahəsində olan çağırışlar, müsbət nümunələr və peşə təhsili islahatları haqqında danışmışdır. Eyni zamanda, qarşıda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in həyata keçirilməsində inkluzivlik, yaşıl bacarıqlar, innovasiyalar kimi istiqamətlərin yer aldığını qeyd etmişdir.

     Bildiririk ki, tədbir çərçivəsində “Yaşıl Bacarıqlar Mükafatı” yarışmasında 39 ölkədən 134 namizəd arasından 11 finalçı seçilib, finala çıxan ölkələr arasında Azərbaycan da yer alıb. Final mərhələsində hər bir ölkəyə onlayn səs verilir. Azərbaycan “Alternativ enerji sahəsində yaşıl bacarıqların inkişafı üzrə dövlət-özəl əməkdaşlığı” mövzusunda “İnkoel” şirkəti tərəfindən təmsil olunur.

     Təhsilin məzmununda yaşıl bacarıq və səriştələrinin artırılması, gənclərin ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsi, həmçinin yaşadıqları icmalarda yaşıl sahibkarlıq fəaliyyətlərinin önə çəkilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə ölkəmizin gələcəyi üçün çox əhəmiyyətli xarakter daşıyır. 21-ci əsrin əmək bazarının əsas tələbi olduğunu nəzərə alaraq, ölkəmizdə yaşıl bacarıqların təşviq olunması həm ekologiyanın qorunması və həm də insan kapitalının yetişdirilməsində özəl sektorun dəstəyi uğurlu dövlət-özəl əməkdaşlığıdır.