Karyera məsləhətçiləri üçün təlim keçirilib
22
06 2023
news image

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsil müəssisələrindəki karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması üçün tədbirlər davam edir. Həyata keçirilən fəaliyyətlər çərçivəsində 19-21 iyun tarixlərində  “Karyera məsləhəti xidmətinin təşkili” üzrə üç günlük təlim proqramı təşkil edilib. Təlimin əsas məqsədi peşə təhsil müəssisələrində fəaliyyət göstərən karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərə Bakı, Sumqayıt, Gəncə və İsmayıllıdan olan 11 peşə təhsil müəssisəsindən 18 karyera məsləhətçisi cəlb olunub.

     3 gün davam edən təlimdə iştirakçılar artıq fəaliyyət göstərən karyera məsləhətçiləri ilə təcrübə mübadiləsi aparıblar. Təlimin mövzusu karyera planlaması və onun mərhələləri, bazar araşdırması, məqsədlərin təyin olunması, iş axtarışı alətləri və başqa istiqamətləri əhatə edib.

     Qeyd edək ki, peşə təhsil müəssisələrində yaradılan karyera mərkəzləri peşə təhsili alan tələbələri ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə istiqamətləndirir, eyni zamanda, onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olur. Mərkəzlərdə çalışan karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərir.